"Ailələrə təkrar ziyarət" aksiyasından növbəti ziyarətimiz 2 il əvvəldən bəri əlaqə saxladığımız, Sahil qəsəbəsində yaşayan bir ailəyə oldu.
İki il əvvəl ailənin evində (köhnə sement zavodunun binasından aldıqları otaqda) heç bir əşya yox idi, bu dəfə isə evdə xeyli əşya gördük. Ananın dediyindən məlum oldu ki, aşyaları bir mərhəmətli insan verib. İndi artıq ailə üstü nazik palazla örtülmüş betonun üstündə yox, çarpayıda yatır, geyimlərini yığmağa az-çox yerləri var. Oturmağa stulları, stolları var.
Allah əl tutan hər kəsdən razı olsun. Ailənin böyükləri daim hər kəsə duaçıdır.
Evin 2 oğlu vardı, biri də tezliklə olacaq, anası: Vətənə 3 igid əsgər verəcəm - deyir. Allah saxlasın!
Elə evin iki oğlunun da biri əsgər, digəri isə polis oyuncaqları həvəskarı imiş. Odur ki, "polis" oğul hədiyyələrin içindən çıxan əsgər oyuncağını "əsgər" qardaşına verdi:)
Allah bütün ailələri mehriban etsin, ailə ehtiyac içində olsa da, daim şükür içində, mehriban, çox müsbət auraya sahibdir.
Ailədə ata əməliyyat edildikdən sonra yenidən insult keçirib, təqaüdə çıxması üçün sənədlər toplayır.
Ana isə mərasimlərdə Quran oxumaqla çörəkpulunu qazanır (hazırda üzrlü səbəbdən evdədir - üçüncü oğlunun yolunu gözləyir:)).
Ailə ilə bir az hal-əhval tutduqdan sonra yola başladıq, çox küləkli hava olsa da, ailənin başçısı bizi evdən tək buraxmadı, xeyli yolu söhbət edə-edə ötürdü və bol-bol təşəkkürlərini bildirdi. Bu işdə zərrə qədər olsa belə zəhməti, köməyi olan hər kəsə xeyir-dualarını çatdırdı.
Allah əl tutan hər kəsdən razı olsun, heç darda qoymasın, İnşAllah!
"Ailələrə təkrar ziyarət" aksiyası davam edir, istəyən qoşula və savablarını artıra bilər...
Şərhlər