Bakı SOS Uşaq Kəndi Bakının cənub-şərqində, Əhmədli qəsəbəsində yerləşir. 14 Ailə evindən, Uşaq baxçasından və digər 6 inzibati binadan ibarət Uşaq Kəndinin Xəzər dənizinə açılan gözəl bir mənzərəsi var. Həyətindəki zeytun və şam agacları və evlərin düzülüşü şəhər mühitində əsl kənd ab-havasını, kənd mənzərəsini yaradır. Həqiqətən də, Uşaq Kəndini ziyarət edərkən bir qədər şəhərin gur izdihamından ayrılırsan və özünü kənddəki kimi hiss edirsən.
Bakı SOS Uşaq Kəndi Assosiasiyamızın ilk layihəsidir. İlk 12 Evin tikintisinə hələ 1999-cu ilin oktyabrında başlanmış, 2000-ci ilin oktyabrında isə sona çatmısdı. Evin ilk iki balaca sakini isə Gəncə şəhər Uşaq Evindən Bakı SOS Uşaq Kəndinə qəbul olunmuşdu. Uşaq Kəndinin fəaliyyətə başlamasından 1 ay sonra - 2000-ci ilin noyabrın 2-də cənab Heydər Əliyev Kəndə səfər edir və Kənd sakinlərinə - ana və uşaqlara öz xeyir-duasını verir. Baxmayaraq ki, artıq fəaliyyətə başlamasından 1 il keçmişdi, Kəndin açılış mərasimi bir qədər gec - 2001-ci ilin 27 iyun tarixində keçirildi. Həmin gün SOS Kinderdorf İnternational təşkilatının nümayəndə heyətini cənab Heydər Əliyev qəbul edir və təşkilatın prezidentini Helmut Kutini Dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edir.
Hal-hazırda Bakı SOS Uşaq Kəndində 98 nəfər uşaq məskunlaşıb. Bu uşaqlardan 96 nəfəri məktəbyaşlı, digər 2 nəfəri isə azyaşlı uşaqlardır. Məktəbyaşlı uşaqlar kəndin yaxınlığındakı orta məktəblərə və şəhərin mərkəzində yerləşən özəl məktəblərə gedirlər. Məktəbyaşlı uşaqlardan iki nəfəri Olimpiya İdman Məktəbində, iki nəfəri isə Şəki və Şirvanda rayonlarında yerləşən Özəl Türk Litseylərində təhsil alırlar. Azyaşlı uşaqlar isə Bakı SOS Uşaq Baxçasına gedirlər. Uşaqlar yalnız məktəbə getməklə kifayətlənmirlər, onlar üzgüçülük, bədii gimnastika, güləşlə məşğul olur, rəqs və rəsm məşğələlərinə də gedirlər. Hətta bu yaxınlarda keçirilən I Milli Uşaq Kitabı sərgisində onlar üçün ayrılmış kiçik guşədə çəkdikləri rəsmlərlə diqqətləri cəlb etməyi bacardılar. Muncuqlardan düzəltdikləri bəzək əşyaları və çəkdikləri rəsimlərlə uşaqlarda daha çox marağın oyanması üçün həvəsləndirici sərgilərin keçirilməsini belə planlaşdırırıq. Amma bütün bunlara baxmayaraq, bizim uşaqların ən sevimli məşğuliyyəti, futboldur. Elə futbola olan maraq və sevgi onlara aralarında komanda yaratmağa sövq edib. Peşəkar məşqçi tərəfindən təlim edilən komandanın tərkibi 10-11 yaşlı 15 gənc oyunçudan ibarətdir. Komandalarına “Sülh” adını əbəs yerə verməyiblər bizim uşaqlar, onlar bu çağırışla dünyanı sülhə, əmin-amanlığa səsləyirlər. Komandamız öz yaşıdları arasında keçirilən Bakı Şəhər Çempionatında iştirak edərək 4-cü yerin sahibliyini əldə ediblər. Peşəkar oyun nümayiş etdirən balacalar hətta 12 yaşlılardan ibarət Milli Komandaya dəvət də alıblar.
Şərhlər